Qısa tarixcəmiz
Hörmətli xanımlar və cənablar,
Era Trans Sığorta ASC 1994-cü ildə Azərbaycan sığorta bazarında Era Trans Polis sığorta kompaniyası kimi sığorta fəaliyyətinə başlamış, daha sonra təşkilati-hüquqi formasını dəyişərək 2005-ci ildən etibarən Era Trans Sığorta Şirkəti məhdud məsuliyyətli cəmiyyət və 2009-cu ilin yanvar ayından etibarən Era Trans Sığorta açıq səhmdar cəmiyyəti kimi fəaliyyətini davam etdirir.
Era Trans Sığorta ASC Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 1 iyun 2009-cu il tarixində müddətsiz verilmiş sığorta xidmətinin göstərilməsi üçün 170 nömrəli xüsusi razılıq (lisenziya) əsasında sığorta fəaliyyətini həyata keçirir.
Cəmiyyətin nizamnamə kapitalı sığorta şirkətlərinin nizamnamə kapitalına dair mövcud qanunvericiliyin tələblərindən artıq miqdarda formalaşmışdır. 01 iyul 2011-ci il tarixinə Cəmiyyətin nizamnamə kapitalı 4 308 000 manat təşkil edir.
Cəmiyyətin rəhbərliyi və işçi heyəti Avropa təhsilli və sığorta sektorunda kifayət qədər təcrübəyə malik peşəkar komandadan təşkil olunmuşdur. Bu ilk növbədə mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti təşkil etməyə imkan verir.
Cəmiyyət Azərbaycan Respublikasının bir çox regionlarında filiallar və nümayəndəliklərlə təmsil olunub. Bu öz növbəsində regionların sığorta ehtiyaclarının operativ şəkildə təmin olunması ilə yanaşı müştərilərinə günün 24 saatı ərzində keyfiyyətli sığorta xidmətinin göstərilməsində xüsusi rol oynayır.
Cəmiyyətin nizamnamə kapitalının və regionlarda nümayəndəliklərinin sayının artırılması strateji inkişaf planına uyğun olaraq həyata keçirilir.
Cəmiyyət maliyyə sabitliyini təmin etmək məqsədi ilə yerli və xarici sığorta, təkrarsığorta və broker şirkətləri ilə yaxından əməkdaşlıq edir. Cəmiyyət sığorta müqavilələri üzrə qəbul etdiyi riskləri Avropa və dünya təkrarsığorta bazarında operativ yerləşdirmək imkanına malikdir.
Cəmiyyət 26-sı könüllü və 5-i icbari olmaqla, 31 sığorta növü üzrə fəaliyyət göstərir. Hal-hazırda fiziki və hüquqi şəxslərə nəqliyyat vasitələrinin sığortası, əmlakın yanğından və digər risklərdən sığortası, yüklərin sığortası, fərdi qəza (bədbəxt hadisələrdən) sığortası, sağlamlıq sığortası (tibbi sığorta) və s. bu kimi sığorta növləri üzrə öz xidmətlərimizi təklif edirik.
Təklif etdiyimiz xidmətlər və sığorta məhsulları barədə daha ətraflı məlumat ilə internet səhifəmizin XİDMƏTLƏRİMİZ bölməsinə daxil olmaqla tanış ola bilərsiniz.