Avtomobil sığortası

Avtomobillərin sığortası

 

1.         Avtomobilin kasko (gövdə) sığortası

 

Bu sığorta növü ilə nələr sığortalana bilər?

Fiziki və hüquqi şəxslərin sahibliyində və ya istifadəsində olan avtonəqliyyat vasitələri.

 

Bu sığorta növü ilə hansı hadisələrdən sığortalanmaq olar?

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən, sığorta müqaviləsində göstərilən avtonəqliyyat vasitəsinin məhv olmasına və ya zədələnməsinə səbəb olan aşağıda sadalanan sığorta risklərinə qarşı sığorta təminatı verilə bilər:

-           avtonəqliyyat hadisəsi (avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr);

-           atılmış və ya düşmüş əşya (avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi);

-           üçüncü şəxs(lər)in qanunazidd hərəkət(lər)i;

-           oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

-           yanğın və partlayış;

-           təbii fəlakət (sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr);

-           heyvanların hərəkəti (avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti).

 

2.         Avtomobil sahibinin mülki məsuliyyətinin sığortası

 

Bu sığorta növü ilə nələr sığortalana bilər?

Avtonəqliyyat vasitələrinin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına (avtomobillər, yol qurğuları, binalar, heyvanlar və s.) və (və ya) sağlamlığına vurula biləcək zərərlərə görə avtomobil sahibinin mülki məsuliyyəti.

 

3.         Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası

 

Bu sığorta növü ilə nələr sığortalana bilər?

Avtonəqliyyat vasitələrinin istifadəsi ilə əlaqədar sürücüsünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə bilən zərərin aşağıda göstərilən hallarla nəticələnməsi risklərindən sığorta təminatı verilir:  

-           əmək qabilliyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlilliyin müəyyən olunması;

-           18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması;

-           ölüm.

 

4.         Əlavə təminatlar

Sığortalının seçimi ilə və əlavə sığorta haqqı müqabilində aşağıdakı xidmətlər də sığorta təminatına əlavə edilə bilər:

-           Alternativ avtomobil ilə təmin olunma – sığorta hadisəsi nəticəsində zədələnmiş avtomobilin əvəzinə sığortalının alternativ avtomobil ilə təmin edilməsi (icarəsi) ilə bağlı xərclərin və ya taksi xərclərinin (məbləğ sığorta müqaviləsində təyin olunur) əvəzinin ödənilməsi;

-           Sığorta hadisəsi ilə bağlı tələb olunan sənədlərin toplanmasında yardım;

-           Əlavə avadanlığın sığortası – avtomobilə sonradan quraşdırılan və onun zavod komplektasiyasına daxil olmayan hər növ avadanlıqların və cihazların oğurluq, zədələnmə və ya məhv olma risklərindən sığortalanma imkanı;

-           Təcili texniki yardım – sığorta hadisəsi hesab olunmayan hər hansı hadisənin nəticəsində xarab olmuş sığortalanmış avtomobilə yollarda təcili texniki yardımın təşkil olunması (yardımın sayı sığorta müqaviləsində göstərilir);

-           Hüquqi yardımın göstərilməsi və ya hadisənin araşdırılması ilə bağlı xərclərin əvəzinin ödənilməsi – sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslərdən dəymiş zərərin əvəzinin qaytarılması ilə bağlı sığortalının məhkəmə xərclərinin (dövlət rüsumu və işin baxılması ilə bağlı xərclər), sığorta müqaviləsi ilə təmin olunmayan və (və ya) məhkəmədən kənarda mübahisələrin həlli üçün cəlb olunmuş vəkillərin xidmətinin ödəniş xərclərinin (məbləğ sığorta müqaviləsində təyin olunur) sığortalıya ödənişi.